Ana səhifə > Xəbər >
Media
Nəsir İmanquliyevə həsr olunmuş “Xəbərin rəngi” kitabının təqdimatı keçirilib
 |
| |
|
Font ölçüsü : a | A
|
[
22 Dekabr 2009 13:33 ]

Bakı. Ülkər Qasımova – APA. Dekabrın 22-də M. F. Axundov adına Milli Kitabxanada görkəmli jurnalist Nəsir İmanquliyevə həsr olunmuş “Xəbərin rəngi” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, publisist Rəhilə Gülgünün qələmə aldığı kitab Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən “Silinməz izlər” seriyasından nəşr olunan ikinci kitabdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, seriyanın “Göylər adamı” adlı ilk kitabı yazıçı-dramaturq Mir Cəlal Paşayev haqqındadır: “Bu gün təqdimatına yığışdığımız kitabda görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda onun çağdaş mətbuatımıza örnək olan meyarlarından bəhs edilir. Nəsir İmanquliyevin Azərbaycan jurnalistikası üçün yetişdirdiyi çoxsaylı tələbələr var. Onun müəllifi olduğu dərsliklər jurnalistlərin biliyinin artırılmasında müstəsna rol oynayır”.
Kitabın müəllifi Rəhilə Gülgün ustad redaktorun ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynadığını, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olduğunu söyləyib.
Tədbirdə N. İmanquliyevin tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub N. İmanquliyevin həyat və yaradıcılığından danışıblar.
|